ABŞ Federal Ticarət Komissiyası "Facebook" sosial şəbəkəsi tərəfindən "Instagram" şirkətinin alınmasına dair sövdələşməni bəyənərək sazişin həyata keçirilməsinə mane olmayacağını bəyan edib. Bununla da dünyanın iri sosial şəbəkəsi populyar fotoservisin alınmasına bir addım yaxınlaşıb.
Xatırladaq ki, cari ilin aprelində, səhmlərin buraxılmasına bir ay qalmış "Facebook" Instagram-ı 1 milyard dollara alacağını elan edib. Bu təklif 300 milyon dollar üstəgəl "Facebook"a məxsus 23 milyon səhmi nəzərdə tutur. Lakin sosial şəbəkənin səhmlərinin qiymətinin aşağı düşməsi ilə hazırda 747 milyon dollar qiymətləndirilən sövdələşmənin dəyəri də azalıb.
2010-cu ildə fəaliyyətə başlayan Instagram 50 milyondan çox istifadəçini cəlb edə bilib. Bundan əlavə bu yaxınlarda keçirilən araşdırmalar nəticəsində dünyanın məşhur brendlərinin təxminən yarısının marketinq strategiyalarında Instagram-dan istifadə etdikləri məlum olub.
"Facebook" birjaya çıxandan səhmdarların gözündən bir qədər düşüb. Şirkət Federal Ticarət Komissiyasının qərarından razı olduğunu bildirsə də, sövdələşməni nə vaxt tamamlayacağı barədə məlumat verməyib. Əvvəllər sosial şəbəkə sövdələşməni 2012-ci ilinin sonunadək bağlamağı planlaşdırmışdı.