Trend-in məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb.
Nazirin sözlərinə görə, Milli Musiqi Günü münasibətilə bu gün Bakıda IV Beynəlxalq Musiqi Festivalının açılışı olacaq. On gün davam edəcək festivalda iştirak məqsədilə dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər Azərbaycana gələcəklər.
Festival çərçivəsində möhtəşəm konsertlərin keçirilməsi planlaşdırılır. Bundan başqa, Milli Musiqi Günü münasibətilə bölgələrdə və xarici ölkələrdə silsilə tədbirlər keçiriləcək.
Üzeyir Hacıbəyov irsinin qorunmasını çox vacib sayan nazir bundan sonra gələcək nəsillərin də dahi bəstəkarın ruhunu həmişə yad edəcəklərini və onun məzarını ziyarət edəcəklərinə ümid etdiyini bildirib.
Qeyd edək ki, daha sonra Azərbaycan Dövlət Xor Kapellası Üzeyir Hacıbəyovun məzarı üzərində dahi bəstəkarın "Şəbi-hicran" kompozisiyasını ifa edib.
İştirakçılar, həmçinin Fəxri xiyabanda dəfn olunmuş görkəmli musiqiçilərin - Rəşid Behbudov, Müslüm Maqomayev, Qara Qarayev və Tofiq Quliyevin, ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
|